Risk faktorlarının birləşməsi zamanı varikoz meydana gəlir. Varikoz xəstəliyinin ən başlıca səbəbi oturaq həyat tərzi və irsi meyililikdir. Bir şəxsdə aşağı ətraflarda yorğunluq və ayaqlarda şişkinlik şikayəti varsa, həmin şəxsin mütləq bir həkim-fleboloqa məsləhətləşmək üçün müraciət etməsi lazımdır.
Endovasal Lazer Ablasiyası nədir və nə zaman icra edilir?
Qeyd edək ki, həkim-fleboloq aşağı ətraf varikoz genişlənmiş damarları üçün Endovasal Lazer Ablasiyası prosedurunu tövsiyə edə bilər. Endovasal Lazer Ablasiyası aşağı ətrafın genişlənmiş damar xəstəliyinin müalicə üsullarından biridir. Bu üsulun mahiyyəti patoloji olaraq genişlənmiş damarı qan damar sistemindən çıxarmaqdır. Bunun üçün lazer enerjisi istifadə olunur. Damarın çıxarılması bədənə zərər vermir. Bu prosedur qan dövranının normal olaraq həyata keçirilmədiyi qədər genişlənmiş damarlarda icra olunur. Qan dövranının çətinləşməsi səbəbindən yorğunluq, ağırlıq və ayaqlarda şişkinlik tipli simptomların inkişafına gətirib çıxarır.
Patoloji olaraq genişlənmiş damarı aradan qaldırdıqdan sonra qan axını ayaqların sağlam damarları vasitəsilə həyata keçirilir. Bu, pasiyentin varikoz genişlənmiş damarlarının xoşagəlməz simptomlarını aradan qaldırmağa imkan verir.
Varikozun müalicəsi necə həyata keçirilir?
Ayaq damarlarının Endovasal Lazer Ablasiyası proseduru nisbətən təhlükəsiz sayılır. Bu əməliyyatda ümumi anesteziya tələb olunmur. Anesteziya lokal olaraq həyata keçirilir. Pasiyent prosedur zamanı şüurlu olur, ancaq ağrı hiss etmir. Bəzi pasiyentlər əməliyyatdan əvvəl qorxu və həyəcan hissi keçirirlər. Buna görə də, pasiyentin xahişi ilə anesteziya sedativ (“yuxu” kimi bir vəziyyətdir) ola bilər. Sedativ vəziyyətdə pasiyent hələ də şüurlu olur, həyəcan və qorxu hissi əhəmiyyətli dərəcədə azalır. Orta hesabla prosedur müddəti (varikoz genişlənmiş damarların inkişaf səviyyəsinə görə) 40 dəqiqə çəkir. Bu müddət ərzində bütün patoloji genişlənmiş damarlar lazer enerjisi ilə müalicə olunur. Ümumiyyətlə, bir müalicə proseduru zamanı genişlənmiş damarlar yalnız bir ayaqdan çıxarılır. Pasiyentin varikoz damarların ümumi vəziyyəti imkan verərsə, prosedur eyni vaxtda hər iki ayaqda edilə bilər. Damarların çıxarılmasına baxmayaraq, əməliyyatdan dərhal sonra pasiyent müstəqil hərəkət edə bilir. Endovasal Lazer Ablasiyası prosedurundan istifadə edərək çıxarılmış damarlar geri qayıtmır. Bütün bu müsbət üstünlüklərin olması səbəbindən Endovasal Lazer Ablasiyası varikoz xəstəliyinin müalicəsində ən çox istifadə olunan prosedurlardan biridir.